SUALLAR VƏ CAVABLAR
Sualınızı soruşunMöhürlə namaz
Tarixində 16 February 2026 & Saat 21:59
Möhürlə namaz qılmaq nə dərəcədə düzgündür?
Möhürlə namaz qılmaq düzdür və manesi yoxdur, amma möhürlə namaz qılmaq zəruri və vacib deyil. Peyğəmbər (s) zamanında evlər və məscidlər bu günkü kimi xalça, palazlarla döşənməmişdi və belə imkanat yox idi. Lap çox imkanatlı evlərdə kilim və həsir sərilirdi. Əksər halda səcdə torpağın üzərinə idi.
Şəri cəhətdən möhürə səcdə vacib deyil. Mötəbər və vacib olan budur ki, səcdə gərək torpağın üzərinə olsun. Yəni, torpağa, daşa, taxtaya və torpaqdan olan hər şeyə (yeməli, içməli, geyinməli və mədəndən çıxarılan şeylərdən başqa) səcdə edə bilərsən. Bu məsələnin sübutu bir cox rəvayətlərdir. O cümlədən, İmam Sadiq (ə) buyurur: "Torpaqdan başqasına səcdə etmə və pambıq və kətandan başqa torpaqdan göyərən bitkilərə səcdə etmə!" Peyğəmbərin (s) zamanında səcdə torpağa idi. Rafe ibn Əbu Rafe Peyğəmbərdən (ə) nəql edir ki, həzrət buyurdu: "Səcdədə alnınız torpağa dəyməsə namazınız kamil olmur!"
Həmçinin səhabələrdən bəzisi Peyğəmbər (s) zamanında bəzən daşa səcdə edirdilər. Cabir ibn Abdullah Ənsari və Məsruq ibn Əcədi bu işi edirdilər, istər vətəndə olsun, istər müsafirətdə. Və həmçinin müsəlmanlar Mərvə dağının daşlarının parçalarından götürürdülər və səfərdə ona səcdə edirdilər. Və bu adət oldu ki, şiələr möhürə səcdə etsinlər. Səbəbi də odur ki, möhürə səcdə həqiqətdə həmən torpağa səcdədir. Müasir dövrümüzdə məscid və mənzillərdə torpağa səcdə etmək çətindir. Çünki evlərdə döşəmələr vardır. Ona görə də pak torpağı möhür formasına salıb ona səcdə edirlər.
Məsumlara (əleyhimussalam) təvəssül etmək
Tarixində 16 February 2026 & Saat 21:59
Əhli Beyt əleyhimussalama təvəssül edib Məsumlardan kömək istəmək şəriət baxımından necə əsaslanır?
<?xml:namespace prefix = o ns = "urn:schemas-microsoft-com:office:office" />
Bismihi Taala
Salamun aleykum
Allah taaladan qeyrisindən kömək istəmək, əgər onu etdiyi kömək və yardımda müstəqil bilib Allah taalanın qüdrətindən xaric bir qüdrət və imkana malik olmasını təsəvvür etsələr, cayiz deyildir. Birisindən kömək və yardım istərkən gərək ilk növbədə yardım edənin Allah taalanın qüdrət və izninə tabe olmasını, eləcə də bütün kömək və yardımların əslində Yeganə Allahın tərəfindən olmasını bilək.
Amma Məsum İmamları (əleyhimussəlam) öz istək və arzularımızın həyata keçməsi üçün Allah taala və öz aramızda vasitə qərar verməyin heç bir maneəsi yoxdur. Yəni Məsumlardan kömək istəmək, bu baxımdan ki, onları Allah taalanın iznilə yardım edən və Allahla insanlar arasında vasitə ünvanı olaraq tanımaq düzgün və maneəsizdir. Ona görə ki, Allah taalanın iznilə hətta "təkvin" aləmi (təbii aləmdə baş verən hadisələr) belə Məsumların ixtiyarında qərar tapmışdır.
Bu məsələni müqəddəs Quranın ayələri və mötəbər hədislər təsdiq edirlər.
Allah taala Quranda buyurur: «وابتغوا الیه الوسیله» - Allaha qovuşmaq (və Onun razılığını əldə etmək) üçün vəsilə axtarın. (Maidə surəsi, 35-ci ayə)
Mötəbər hədislərdən istifadə olunur ki, saleh və yaxşı əməllərdən əlavə Allahla insanlar arasında ən yaxşı vəsilə Əhli beyt əleyhimussəlamdır.
İbn Əbbas Allah Rəsulundan (sallallahu əleyhi və alih) rəvayət edir ki, Həzrət buyurur: "Adəm əleyhissalam xəta edib beheştdən xaric olduğu zaman Cəbrail əleyhissalam onun yanına gəlib dedi: Ey Adəm! Allahını çağır (və Ondan bağışlanmanı istə)! Soruşdu: Dostum Cəbrail, (Allah taalanı) necə çağırım (və hansı ifadə ilə Ona müraciət edim)? Dedi: Belə deyərək Ondan (bağışlanmanı) istə: Ey Rəbbim! Səni and verirəm "Axiruz-zamanda" mənim nəslimdən xəlq edəcəyin beş kimsənin haqqına, mənim tövbəmi qəbul və Öz geniş rəhmətini mənə şamil et!"
Adəm dedi: "Ey Cəbrail! (Allaha qovuşmaq üçün) Onların adlarını mənə de. Cəbrail (bu adları xüsusi bir ehtiramla) dedi, bu surətdə xitab et! «اللٌهم بحق نبیک و بحق علی وصی نبیک و بحق فاطمة بنت نبیک و بحق الحسن و الحسین سبطی نبیک إلّاتبت علٌی فارحمتی» - Allahummə! Bihəqqi Nəbiyyikə və bihəqqi Əliyyin, vəsiyyi Nəbiyyikə və bihəqqi Fatimətə, binti Nəbiyyik və bihəqqil Həsəni vəl Huseyni, sibtəy Nəbiyyikə tub ələyyə fərhəmni! Yəni, Allahım! Öz Peyğəmbərinin haqqına və Peyğəmbərin vəsisi, Əlinin haqqına və Peyğəmbərin qızı Fatimənin haqqına və Peyğəmbərin iki nəvəsi, Həsən və Huseynin haqqına mənim tövbəmi qəbul et və Öz rəhmətini mənə şamil buyur.
Adəm əleyhissalam bu ifadələrlə Allaha dua edib tövbəsinin qəbul olunmasını istədi və Allah taala da onun tövbəsini qəbul etdi. Bu hadisə ilə əlaqədar müqəddəs Quranın bu ayəsi nazil olmuşdur: «فتلقٌی آدم من ربه کلمات فتاب علیه.»-Nəhayət, Adəm Rəbbindən (xüsusi) kəlmələri öyrənərək (o xüsusi ifadə ilə) tövbə etdi və Allah taala da onun tövbəsini qəbul etdi." (Bəqərə surəsi, ayə 37)
Sonra Peyğəmbər Əkrəm (sallallahu əleyhi və alih) buyurdu: "Hər bir qəmgin Allah bəndəsi xalis niyyətlə bu ifadə və adlarla Allah taalanı çağırıb kömək istərsə, Allah taala onunduasını müstəcab və qəm-qüssəsini aradan aparar." (Biharul Ənvar kitabı, 26-cı cild, səh. 333, 15-ci hədis; Təfsiri Furat, səh. 13)
Həmçinin, "Səfinə" hədisi adı ilə məşhur olan bir hədisdə Həzrət Peyğımbər (sallallahu əleyhi və alih) buyurur: «إِنَّمَا مَثَلُ أَهْلِ بَيْتِي فِيكُمْ كَمَثَلِ سَفِينَةِ نُوحٍ (عَلَيْهِ السَّلَامُ)، مَنْ دَخَلَهَا نَجَا، وَ مَنْ تَخَلَّفَ عَنْهَا غَرِقَ» - İnnəma məsəlu Əhli Beyti fikum kəməsəli səfinəti Nuhin (əleyhissalam), mən dəxələ nəca və mən təxəlləfə ənha ğəriq. (Şeyx Tusinin "Əmali" kitabı, səh. 60; Biharul Ənvar, 23-cü cild, səh. 105 və 120...)
Sizin aranızda mənim Əhli Beytimin məsəli həzrət Nuhun gəmisinin misalındadır, hər kəs bu gəmiyə daxil olsa, nicat tapar və hər kəs ondan kənarda qalsa, qərq olub aradan gedər.
Əhli sünnə alimlərindən Nişaburlu Hakim adı ilə tanınmış məşhur mühəddis özünün "Mustədrəkus-səhihəyn" kitabında bu hədisə işarə edib deyir: « قال رسول الله: مَثَلُ اهل بیتی مَثَل سفینة نوح، من رکبها نجی و من تخلّف عنها غَرِق» - Qalə Rasulullah (sallallahu əleyhi və alih): Məsəlu Əhli Beyti məsəlu səfinəti Nuhin (əleyhissalam), mən rəkibəha, nəca və mən təxəlləfə ənha ğəriq.
Mənim Əhli Beytimin məsəli həzrət Nuhun gəmisinin məsəlidir, hər kəsin bu gəmiyə əli çatsa, nicat tapar və hər kəs ondan kənarda qalsa, qərq olub aradan gedər.
O cümlədən, bir sıra hədislərə əsasən, həzrət Nuhun gəmisinin nicatı, həzrət Yunusun balığın qarnından xilas olması və həzrət İbrahimin Nemrudun atəşindən qurtulması və həzrət Yusufun quyudan xilas edilməsi, Əhli Beyt əleyhimussalama təvəssül edib onları Allah taala yanında vasitə olaraq qərar vermələri səbəbinə baş vermişdir.
Bu mövzuda çoxsaylı hədis mənbələrindən faydalanmaq mümkündür.
Ayın görünməsi
Tarixində 16 February 2026 & Saat 21:59
Mən Azərbaycanda yaşayıram. Burada Ramazan ayının başlanması astronomik məlumatlara əsasən elan edilir. Bu da mərhum Lənkarani ağanın (r.ə.) fətvasına əsasən kafi deyil. Buradakı bir çox şiələr ayın başlanmasında vəliyyi-fəqihin fətvasına istinad edirlər. Lənkərani ağa (r.ə.) ayın başlanmasında vəliyyi-fəqihə itaət etməyi caiz bilirdimi?
Ayın görünmə məsələsi təqlidi məsələ deyil, gərək ayın əvvəli müqəllid üçün sabit olsun. Ayın əvvəli sübut olmasılə oruc tutmalı və sonrakı ayda hilalın görünməyinin sabit olması ilə iftar olunmalıdır.( oruc açılmalıdır) Yəni orucluq bayramı keçirilsin. Lakin camaatın mərcəyi-təqlidə etiqadları olduğuna görə, mərcəyi təqlidə istinad eləməyi etibarlı bilirlər. Əgər onların mərcəyi-təqlidi ayın görünməsini elan etsə ,onlar üçün etibarlıdır və onlar onun elanı ilə bayram keçirə bilərlər.
Ayın əvvəli bir neçə yolla sübut olunur:
1. İnsan özü görsün
2. Sözlərindən yəqinlik və ya xatircəmlik hasil edilən bir qrup şəxs “ayı gördük” desinlər, yaxud bir şeyin vasitəsi ilə məlum olsun ki, ondan yəqinlik hasil olsun.
3. Şəban ayının əvvəlindən 30 gün keçərsə, Ramazanın əvvəli sübut olunur və Ramazan ayının əvvəlindən 30 gün keçməsi ilə də Şəvval ayının əvvəli sübut olunur.
4) İki adil kişinin,” gecə ayı gördük”- deməsi ilə;amma ayın sifətini bir-birinin əksinə deyərlərsə, ya dediklərində səhv olarsa, məsələn deyələr, ayın daxili dairəsi üfüqə tərəf idi, ayın əvvəli sübut olmur. Amma əgər bəzi xüsusiyyətlərin seçimində səhv olmuş ola, məsələn biri deyə ki, hündür idi, o biri deyə yox, onların deməyi ilə ayın əvvəli sabit olur.
5) Camiuş- şərait müctəhid hökm edə ki, ayın əvvəlidir,
Əgər camiuş-şərait müctəhid hökm edə ki, ayın əvvəlidir ona təqlid etməyənlər də gərək onun hökmünə əməl etsinlər. Amma bir şəxs, camiuş-şərait müctəhidin səhv etdiyini bilsə onun hökmünə uyğun əməl edə bilməz.
Ayın əvvəli münəccimlərin, astroloqların praqnozları ilə sabit olmur. Amma insan onların dediyindən yəqinlik, əminlik tapsa, ona uyğun əməl etməlidir.
Camaat namazı
Tarixində 16 February 2026 & Saat 21:59
Camaat namazında pişnamaz, niyyətini necə etməlidir?
İmam camaat həm camaatla birgə, həm də tək niyyət edə bilər. Camaatla birgə niyyət edəndə: “İmam camaat ünvanı ilə camaatla birgə namaz qılıram” niyyəti kifayətdir. Bu niyyətlə namaza daxil olur və xüsusi bir şey deməsi lazım deyil. Tək niyyət edəndə: “İmam camaat ünvanı ilə camaata namaz qılıram” niyyəti etsə düzdür.
Cinsiyyət dəyişdirildikdən sonra cinsiyyətlə şərtləndirilmiş müqavilələr
Tarixində 16 February 2026 & Saat 21:59
Cinsiyyət məsələsi müzakirə olunan qərardadlarda ( işdən öncə cinsiyyətə əsasən bir sıra əqd və müqavilələr bağlanmış və bir müddətdən sonra cinsiyyət dəyişmişdir.) bağlanmış müqavilələrin hökmü nədir? Öz-özünə pozulurmu? Əgər razılığa gəlinsə, necə?
Ünvan (cinsiyyət) şərt olunan belə müqavilələrdə cinsiyyət dəyişdirilsə, qarşı tərəf “şərti pozmaq” ixtiyarından istifadə edə bilər.