SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
Müvəqqəti izdivacın təbliğ edilməsi caizdirmi
Tarixində 16 February 2026 & Saat 23:33

Salamun aleykum
Sual: Bəziləri müvəqqəti izdivacı təbliğ etməklə məşğuldurlar, belə ki, hətta bəzi hallarda məscid əhlinin bu məsələyə çox meyilli olması və bir sıra cavanların bu məsələdən sui-istifadə etməsi nəticəsində başqa məzhəblər, xüsusən də vəhhabilər biz şiələrə tənə vururlar, bu barədə nəzəriniz nədir?


Bismillahir-Rahmənir-Rahim

Salamun aleykum

Cavab:

Diqqət edilməlidir ki, müvəqqəti izdivac caizdir, lakin vacib deyil. Ona görə, əgər onun təbliği düşmənlərin sui istifadəsinə səbəb olursa, onun təbliğindən çəkinmək lazımdır.

Müvəqqəti izdivacı Qurani-Kərim və hədislər caiz bildirir; Qurani-Kərim Nisa surəsinin 24-cü ayəsində buyurur:

فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآَتُوهُنَّ أُجُورَهُنَّ

“Mütə (müvəqqəti evlənmə və yaxınlıq) etdiyiniz qadınların mehrlərini verməyiniz vacibdir”

Bu mübarək ayə mütə və siğənin halal olmasına dəlalət edir.

Bəli, Şiə və sünni alimlərinin arasında nəzər müxtəlifliyi vardır: Şiə alimləri Quranın ayəsi, Peyğəmbərin (sallallahu əleyhi və alih) və Məsum İmamların (əleyhimussəlam) buyurduqlarına mütabiq olaraq, şəraitini riayət etmək şərti ilə siğəni caiz bilirlər. Amma əhli-sünnə alimləri iki dəstədirlər, onlardan bir qrupu yuxarıda qeyd edilən müqəddəs ayənin dəlalətinə əsasən, müvəqqəti izdivacın şəriətdə olmasını qəbul edirlər, bu zəmində rəvayət də çoxdur.

Lakin əhli-sünnənin əksər alimləri onu caiz bilmirlər və sözlərinin əsası Ömərin dediyi bu cümlədir:

متعتان كانتا علي عهد رسول الله صلّي الله عليه وآله وسلّم و أنا أنهي عنهما واعاقب عليهما

Yəni Peyğəmbərin (sallallahu əleyhi və alih) zamanında iki mütə vardır, lakin mən onların hər ikisindən nəhy edib çəkindirirəm. Əgər bir kəs onu etsə, o şəxsi cəzalandıracam; o iki mütədən biri qadınların mütəsi, digəri isə həcc mütəsidir ki, ona təməttu` həcci də deyilir.

Bu sözün özü mütənin İslam dinində həqiqətən sabit və caiz olmasını sübuta gətirən aşkar bir sübut və dəlildir. Mütənin Peyğəmbərin (sallallahu əleyhi və alih) dövründə şəriətimizdə olması bu cümlədən yaxşı məlum olur, lakin Ömər onu qadağan etmişdir. Halbuki İlahi əhkamı dəyişməyə Ömərin haqqı və səlahiyyəti yoxdur və onun bu əməli dində bid`ət sayılır.

Bu hədisin mənbəyi barəsində aşağıdakı kitablara müraciət edə bilərsiz:

“Müsnəd”, Əhməd Hənbəl, 1-ci cild, səh. 52; “Kənzul-Ummal”, 16-cı cild, səh. 519; “Əl-İstiğasə”, səh. 72; “Əl-İzah” səh. 99; “Şərh Nəhcul-Bəlağə”, İbn Əbil Hədid cild-12, səh 252.

Əgər Vəhhabilər onu Şiə məzhəbi üçün təhqir hesab edirlər, onda gərək Qurani-Kərimi də qəbul etməyələr ki, çünki Qurani-Kərim bu hökmü təsdiq edir. Ömərin dediyi yuxarıdakı bu rəvayətə əsasən, gərək qəbul etsinlər ki, Peyğəmbərin (sallallahu əleyhi və alih) zamanında bu hökm şəriətdə caiz olmuşdur və İlahi hökmü dəyişmək səlahiyyətinə malik olmayan bir şəxsin vasitəsi ilə qadağa edilmişdir. Demək, bu hədisin özü əhli-sünnə məzhəbinin və Vəhhabilərin özlərinə böyük bir təhqirdir.

Müvəqqəti izdivacın fəlsəfəsi cəmiyyət arasında fəsad, günah və nalayiq əməllərin qarşısının alınmasıdır. Daimi izdivac etmək şəraiti olmayan cavanlar üçün mütə bir zəmindir, həmçinin əri ölmüş və dul qalmış qadınlar üçün şəhvət hissləri təsiri nəticəsində təziqə məruz qalmamaq üçün müvəqqəti evlənmək bir həll yoludur.

Məlumdur, hər bir işdə mümkündür bəzi insanlar sui-istifadələr etsinlər, lakin əgər müvəqqəti evlənmə doğru surətdə yerinə yetirilsə, elə sui-istifadə edənlərin qarşısı alınacaqdır, hərçənd bu zəmində olan sui-istifadələr haram və qeyri-şəri yollarla cinsi rabitədə baş verən günahlarla müqayisədə dəfələrlə azdır.

Hər halda müvəqqəti izdivac cəmiyyətin saflığına və insanların günahdan uzaq qalmasına səbəb olan amildir və mütə vasitəsi ilə camaat arasında zina və nalayiq cinsi rabitələrin kökü kəsilir. Ona görə də həzrət İmam Əli əleyhissəlam buyurur: “Əgər Ömər müvəqqəti izdivacı qadağa etməsəydi, alçaq və bədbəxt insanlardan başqa heç kəs zinaya mürtəkib olmazdı.”

Təəssüflər olsun ki, Ömərin məcburi surətdə müvəqqəti izdivacı cəmiyyətdə  qadağa etməsindən sonra zaman ötdükcə camaatın nəzəri bu məsələyə bədbin olmuşdur. Cəmiyyətdə fəsadın qarşısını almaq üçün mütəni rəvac verməkdən ötrü camaat arasında ilk növbədə maariflənmə işləri aparılmalıdır və nə qədər ki, düzgün maariflənmə və agahlıq baş verməyibdir, düşmənlərin sui-istifadəsinə çevrilən müvəqqəti izdivacın xalq arasında təbliğ edilməsi doğru iş deyildir.

Əhli-sünnə arasında da müvəqqəti izdivaca bənzər “misyar” adlanan bir izdivac qaydası vardır. Quranda və rəvayətdə heç bir əsası olmayan, eləcə də şəriət baxımdan evlənmə şəraiti ilə uyğun gəlməyən, bir sıra əhli-sünnənin bidət qoyduğu bu qayda şəriət baxımdan haram və batildir. Onlar gərək bu izdivac qaydasına tənə vurub onu rədd etsinlər, nəinki Quranda və sünnədə şəraiti ilə qeyd edilmiş müvəqqəti izdivac. 

Müvəffəq olasınız!

3963 Görüş

Ruh haqqında məlumat
Tarixində 16 February 2026 & Saat 23:33

Salamun aleykum
Qurani-kərimin İsra surəsində ruh haqında sual edilir, lütfən ruh barəsində məlumat verərdiniz, ruh nədir?

Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum

Ruh nədir?

Mübarək İsra surəsinin 85-ci ayəsində qeyd olunan ruh haqqında müxtəlif təfsirlər nəql edilmişdir:

1-Bəzən məqsəd, peyğəmbərlərə öz risalət və məsuliyyətlərini yerinə yetirməkdə qüvvət verən  “müqəddəs ruh” mənasınadır; “Maidə” surəsinin 253-cü ayəsində olduğu kimi: وَ آتَيْنا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّناتِ وَ أَيَّدْناهُ بِرُوحِ الْقُدُسِ – Biz İsa ibn Məryəmin ixtiyarına çoxlu dəlillər verdik və ona “Ruhul-Qudus” ilə qüvvət verdik.

2- Möminləri qüvvətləndirən İlahi mənəvi qüvvəyə də şamil olur; məsələn, “Mücadilə” surəsinin 22-ci ayəsində deyildiyi kimi: - أُولئِكَ كَتَبَ فِي قُلُوبِهِمُ الْا يمانَ وَ أَيَّدَهُمْ بِرُوحٍ مِنْهُ – Onlar elə bir insanlardır ki, Allah taala onların qəlbinə iman vermiş və İlahi ruh ilə onları təyid etmişdir.

3-Bəzən ruh dedikdə məqsəd xüsusi olaraq “vəhy mələyi” nəzərdə tutulur və “Əmin” ləqəbi ilə tövsif edilir. “Şuəra” surəsinin 193 və 194-cü ayələrində qeyd olunduğu kimi; - نَزَلَ بِهِ الرُّوحُ الْا مِينُ* عَلى‏ قَلْبِكَ لِتَكُونَ مِنَ الْمُنْذِرِينَ – Bu Quranı “Ruhul-Əmin” sənin qəlbinə nazil etdi ki, (insanları pis işlərdən) çəkindirib qorxudan olasan.

4-Həmçinin, Allah taalanın xüsusi mələklərindən olan böyük mələk, yaxud mələklərdən üstün bir məxluq mənasına gəlmişdir, məs; - تَنَزَّلُ الْمَلائِكَةُ وَ الْرُّوحُ فِيْها بِإِذْنِ رَبِّهِمْ مِنْ كُلِّ أَمْرٍ – “Qədr” gecəsində müqəddəratı təyin etmək üçün Pərvərdigarın əmri ilə mələklər və ruh nazil olarlar, “Qədr” surəsi. “Nəbə`” surəsinin 38-ci ayəsində də belə buyurur: - يَوْمَ يَقُومُ الرُّوحُ وَ الْمَلائِكَةُ صَفّاً – Qiyamət günü Ruh və mələklər birlikdə qiyam edəcəklər.

5-Quran, ya səmavi vəhy mənasına da gəlmişdir, məs; - وَ كَذلِكَ أَوْحَيْنا إِلَيْكَ رُوحاً مِنْ أَمْرِنا –Bizim əmrimizdən olan vəhyi bu şəkildə sənə tərəf göndərdik.

 6-İnsan ruhu mənasında da gəlmişdir, necə ki, Adəmin xəlq olması barəsində gələn ayələrdə oxuyuruq: ثُمَّ سَوَّاهُ وَ نَفَخَ فِيهِ مِنْ رُوحِهِ – Sonra Adəmi qayda üzrə tənzim etdi və Öz ruhundan ona üfürdü. Həmçinin, - فَإِذا سَوَّيْتُهُ وَ نَفَخْتُ فِيهِ مِنْ رُوحِي فَقَعُوا لَهُ ساجِدِينَ –Elə ki, Adəmin xilqətini qaydaya saldım və Öz ruhumdan ona üfürdüm: -Onun üçün səcdə edin!

Beləliklə, yuxarıda qeyd edilən ruh kəlməsində bu mənaların hansı nəzərdə tutulduğu dəqiq surətdə məlum deyil, mümkündür burada insan ruhundan başqa bir ruh nəzərdə tutulmuş olsun.

Əgər insan ruhu fərz edilsə belə, necə ki, ayədə gələn və ayədən kənar bir sıra işarələr və qərinələrə əsaslanaraq bəzi təfsirçilər buyurmuşlar ki, sual edənlər insan ruhunun həqiqəti barəsində soruşurlar və bilmək istəyirlər ki, xilqət aləminin bu qəribə varlığının həqiqəti nədir? Demək, əgər bu mənanı götürsək belə, bu məsələ Peyğəmbər və imamların (əleyhimussəlam) insan ruhunun həqiqəti haqda malik olduqları elm ilə ziddiyyət təşkil etmir, çünki şərəfli ayə belə buyurur: -«وَ يَسْئَلُونَكَ عَنِ الرُّوحِ قُلِ الرُّوحُ مِنْ أَمْرِ رَبِّي وَ ما أُوتِيتُمْ مِنَ الْعِلْمِ إِلَّا قَلِيلًا»- Səndən “ruh” barəsində soruşurlar, de ki, ruh mənim Pərvərdigarımın əmrindəndir, sizə elmdən yalnız az bir miqdarda verilmişdir.

Adi insanlar malik olduqları elm vasitəsilə ruhu dərk etməyə qadir deyillər, lakin Allah-taala Peyğəmbərə və imamlara (əleyhimussəlam) yüksək bir elmi inayət etmişdir ki, onlar ruhun başqalarının dərk edə bilmədikləri bəzi həqiqətlərini müəyyən alimlərə bəyan etmiş və nəzərlərini söyləmişlər.

Ruh haqda olan müxtəlif hədislər də bir-biri ilə ixtilaflı deyildir, çünki insan ruhunun müxtəlif dərəcələri və mərtəbələri vardır. Peyğəmbərlərdə və imamlarda olan ruhun mərtəbə və dərəcəsi olduqca yüksəkdir. Necə ki, xəta və günahdan məsum olmaq, eləcə də fövqəladə elm və məlumata malik olmaq da məsumluğun əsərindəndir. Ruhun belə bir mərtəbədə olması sözsüz ki, onu mələklərdən də yüksəyə ucaldır, hətta cənab Cəbrail və Mikaildən də yüksəyə.

Bəşərin elm və bilik tarixinə əsasən, ruh məsələsi, onun əsrarəngiz xüsusiyyətləri və quruluşu həmişə alimlərin diqqət nəzərində olmuşdur. Belə ki, hər bir alim öz növbəsində çalışmışdır ki, ruhun sirləri haqda araşdlrma aparsın. Məhz bu səbəbdən alimlər və bilik sahiblərinin tərəfindən ruh haqqında söylənilən nəzərlər olduqca çox və müxtəlifdir.

Mümkündür, hazırki elm və bilik, hətta gələcək alimlərin bilikləri belə, ruhun sbütün sirlərini ələ gətirmək üçün kifayət etməsin, baxmayaraq ki, bizim ruhumuz özümüzə hər bir şeydən daha yaxındır. Amma onun gövhəri maddi aləmdə ünsiyyətdə olduğumuz şeylərdən tam fərqli olduğu üçün çox da təəccüb etməməliyik ki, bu qəribə və maddədən fərqli olan məxluqdan baş çıxarmayaq...

Lakin bütün bunlar bizim ağlın diqqəti ilə ruh haqda düşünüb araşdırma aparmağımıza və onun üsul və tənzimindən agah olmağımıza mane olmamalıdır.

Amma peyğəmbərlər və imamlar malik olduqları İlahi elm vasitəsilə ruhun həqiqətini dərk etsinlər...

Əlavə məlumat üçün “Təfsiri nümunə” kitabının 12-ci cild, səh. 279-dan sonraya müraciət edə bilərsiz.

Müvəffəq olasız!




3858 Görüş

Cümə gününün qüslünü nə zaman etmək lazımdır?
Tarixində 16 February 2026 & Saat 23:33

Salamun aleykum:
Lütfən cümə günü qüslünün nə zaman edilməsini bəyan edərdiz, təşəkkür edirəm.


Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum

Cavab:

Cümə qüslü müstəhəbdir, onun edilməsi vaxtı sübh azanından zöhrə vaxtına qədərdir. Zöhr vaxtına yaxın zamanda edilməsi daha yaxşıdır. Əgər zöhrə qədər yerinə yetirə bilməsə, əda və qəza niyyəti olmadan cümə gününün əsr vaxtına qədər yerinə yetirməsi yaxşıdır. Həmçinin, əgər cümə günü bu qüslü edə bilməzsə, onun qəzasını şənbə günü sübhdən günəşin qürub etməsi vaxtına qədər yerinə yetirməsi müstəhəbdir.

Müvəffəq olasınız.

 

3808 Görüş

Müvəqqəti izdivac
Tarixində 16 February 2026 & Saat 23:33

Qısa müddətli müvəqqəti izdivacla bağlı bir sıra anlaşılmazlıqlara şəriət baxımından necə qiymət vermək olar?

Bİsmilləhir-Rahmənir-Rahim


Salamun aleykum və rahmətullah

Cavab) Qadınla qısa müddətli müvəqqəti izdivacın – şəraitini riayət etməklə – heç bir maneəsi yoxdur, lakin diqqət edilməlidir ki, əgər qadın bir kişi ilə qısa müddətə müvəqqəti kəbin kəsib cinsi əlaqədə olarsa, əqd müddəti başa çatdıqdan sonra qadın gərək iki heyz görmə müddəti – iddə saxlamalıdır və nə qədər ki, iddəsi başa çatmayıbdır, başqa bir kişi ilə izdivac etməsi haram və qeyri-caizdir. Doğrudur, əgər bu müddətdə duxul və cinsi əlaqə baş verməzsə, qadının birinci kişi ilə əqd müddəti başa çatdıqdan sonra ikinci kişi ilə izdivac etməsi icazəsi vardır, lakin bu izdivaca məcbur deyildir.
Əslində, müvəqqəti izdivacın qanuni və şəri olmasının səbəbi budur ki, daimi izdivac etməyə şəraiti və imkanı olmayan insanların cinsi ehtiyaclarının təmin edilməsi mümkün olsun. İslam dininin digər dinlərdən üstünlüyü də budur ki, bu müqəddəs şəriət bəşəri idarə etmək üçün cüzi və külli, xüsusi və ümumi, fərdi və ictimai məsələləri əhatə edən qayda-qanunları təsdiqləyərək - bütün insan təbəqələrinin şəriət çərçivəsində xatircəmliklə yaşamasını təmin edir. İndi, bu şəri qanuna irad edənlərdən soruşmaq gərəkdir ki, qeyd olunan insan təbəqəsinin fitri və cinsi ehtiraslarına cavab olaraq – zina etməkdən başqa – hər hansı bir qayda-qanunu müzakirəyə çıxara bilərlərmi? Müvəqqəti izdivac əyyaşlıq üçün deyildir və onun üçün bir sıra şərait təyin edilibdir ki, riayət olunması gərəkdir. Əgər şəriət buyurduğu şərait və qaydalar riayət edilsə, müvəqqəti izdivacla bağlı heç bir çətinlik irəli gəlməz. Amma bu şəraitin riayət edilməsinə maneə yaradan bəzilərini üzə çəksələr, demək lazımdır ki, digər şəriət qanunlarının pozulmasında da bu kimi insanların sayı heç də az deyildir.

3786 Görüş

Əsas terminlər: Müvəqqəti izdivac
Heyvanların başını kəsməyin hökmü
Tarixində 16 February 2026 & Saat 23:33

Qurban hansı niyyətlə və necə kəsilib paylanmalıdır?

Dəvədən başqa heyvanların başını kəsməyin altı şərti var. Qurbanlıq və qeyri qurbanlıq heyvanın başının kəsilməsinin heç bir fərqi yoxdur və altı şərtə riayət olunmalıdır:

1.Heyvanın başını kəsən şəxs istər qadın olsun istərsə kişi, mütləq müsəlman olmalıdır və müsəlman uşağı da, əgər müməyyiz (yəni yaxşını pisdən ayıra bilən) olarsa heyvanın başını kəsə bilər. Əgər kafirlərdən yaxud xəvaric, ğulat, nasibi kimi kafir hökmündə olan digər firqələr olan kəs heyvanın başını kəsərsə halal olmaz.

2.Heyvanın başı dəmirlə kəsilməlidir, amma dəmir tapılmazsa və elə bir vəziyyət ola ki, əgər heyvanın başını kəsməsələr öləcək, o zaman iti daş və şüşə kimi iti bir şeylə heyvanın boğazının dörd damarını ayırmaqla onun başını kəsmək olar.

3.Başı kəsilən zaman heyvanın bədəninin qabağı üzü qibləyə olmalıdır. Hər kim bilsə ki, üzü qibləyə baş kəsilməlidir və bilərəkdən heyvanı üzü qibləyə çevirməzsə heyvan haram olur. Amma əgər yaddan çıxararsa yaxud məsələni bilməməzlik üzündən, yaxud qibləni səhv salarsa, yaxud bilməzsə qiblə hansı tərəfdədir və kimdənsə soruşa da bilməzsə beləliklə də  heyvanın başını kəsməyə naçar olarsa, yaxud heyvanı qibləyə tərəf çevirməyi bacarmazsa bu halda maneəsi yoxdur.

4.Heyvanın başını kəsmək istədiyi vaxt yaxud bıçağı heyvanın başını kəsmək niyyəti ilə onun boğazına qoyan zaman, Allahın adını çəkməlidir və “Bismillah” qədərində də desə kifayət edər. Əgər heyvanın başını kəsmək  qəsdi olmadan Allahın adını deyərsə belə, o heyvan pak olmaz və əti də, haramdır və həmçinin məsələni bilməməzlik üzündən heyvanın başını kəsərsə yenə haramdır, amma unutqanlıq üzündən Allahın adını deməzsə maneəsi yoxdur

5.Heyvan diri olmalı və damarlarını kəsməklə can verməlidir. Çünki, əgər məlum olsa heyvan diri idi və başını kəsdikdən sonra can veribdir, maneəsi yoxdur. Amma əgər kəsilməmişdən qabaq heyvanın diri olmasına şəkk olarsa, bir halda pak hökmünd olar ki, kəsildikdən sonra onun diri olmasından xəbər verməsi həddində hərəkət etməlidir. Məsələn, quyruğunu tərpətməli, yaxud ayağını yerə vurmalı, yaxud adi qaydada heyvanın bədənindən qan çıxmalıdır.

6.Heyvan qabaqdan, yəni boğazdan olmalıdır və öz yerindən kəsilməlidir və ehtiyat-vacibə görə bıçağı boynunun arxasından batıraraq qabaq tərəfə gətirməklə arxadan heyvanın başını kəsmək caiz deyildir.

Əlbətdə qurbanlığı vacib olan heyvanın şərtləri vardır, o cümlədən: sağlam olmalı, qoca və arıq da olmamalıdır.

 Qurbanlıq ət isə, müstəhəbdir qurbanlığı üç yerə bölsün:

Bir hissəsini özü üçün götürsün,

Bir hissəsini Allah yolunda ehtiyaclı olanlara sədəqə versin,

Bir hissəsini də  dostlarına və möminlərə hədiyyə etsin.

 

3781 Görüş